İnsan sosial varlıqdır və biz istəsək də, istəmək də, gündəlik həyatımızda kiməsə nəsə verməli, kimdənsə nəsə almalı oluruq. İstəyirik ki, uğurumuzu görüb sevinsinlər. Dərdlənəndə kimlərdənsə təsəlli gözləyirik, istəyirik ki, yanımızda olsunlar, qolumuzdan tutsunlar. Yəni, biz insanlar bir-birimizə möhtacıq, hisslərimiz, duyğularımız bir-birimizə bağlıdır. Hər kəsin kimliyi, yaxşı, ya pis olmağı da elə bu qarşılıqlı münasibətdə üzə çıxır. Yaxşı insan hər kəsin xeyrini istəyər və insanlara kömək etməkdən zövq alar. Özü üçün xeyirli bildiyini başqaları üçün də istəmək, özünün uzaq olduğundan başqalarının da uzaq olmasını istəmək insanlıq göstəricisidir.
Allahın elçisi, sevgili peyğəmbərimiz (s.ə.s) demişdir: “ən xeyirli insanlar insanlara ən çox faydalı olanlardır”, ”uca Allah yanında ən xeyirli insan dostuna, qonşusuna, əziyyətdə olanlara, fəqirlərə, kimsəsizlərə kömək edəndir”.
Rayonumuzda öz səxavəti və xeyirxah əməlləri ilə tanınan Qurban Talıbov Ojakəran kəndindəndir. Qurban kişi Seyfi əminin ailəsində dünyaya göz açmış, bu gün ömrünün ahıl dövrünü yaşayır.
Fədakar və xeyirxah insanlar ətrafdakılara örnək olmaqla yanaşı, həyatın çətinliklərinə sinə gərməkdə də hamıya kömək edirlər. Onlar dünyalarını dayişdikdən sonra belə unudulmur, adları daim rəhmətlə anılır. Xeyirxah olmaq, insanlara canla-başla xidmət etmək hər kəsin ən böyük insanlıq borcudur. Tarix boyu xalqımızın belə oğulları çox olmuş, bu gün də var və şübhəsiz, bundan sonra da olacaqdır.
Atası Seyfi kişi təkcə Ojakəran kəndinin deyil, bütövlükdə rayonumuzun hörmətli ağsaqqallarından biri olmuşdur. İmkan daxilində hər kəsə köməklik göstərməyə çalışan Seyfi əminin evi həmişə qonaqlı-qaralı olurdu. Belə bir ailədə boya-başa çatmış, el ağsaqqalı Seyfi kişinin tərbiyə məktəbini keçmiş Qurban Talıbov bu gün Astaramızın ən nüfuzlu sahibkarlarından biridir. O, ötən əsrin 90-cı illərindən sahibkarlıq fəaliyyətinə başlamışdır. Məlum olduğu kimi o zamankı mürəkkəb tarixi şəraitin olması, respublikanın hər yerində iqtisadi vəziyyətin çətinliyi ərzaq məhsullarının bahalaşmasına səbəb olmuşdur. Qurban kişi min bir əziyyətlə də olsa, mağazasını ərzaqsız qoymurdu. Qocalara, xəstə və əlillərə, ağır vəziyyətdə yaşayanlara kənd-kənd gedərək un və digər ərzaq məhsulları paylayırdı.
O vaxtlar dağlıq ərazidə yerləşən Pəlikəş və ətraf 13 kəndlərində yaşayan təxminən 7000 nəfərdən çox əhalini ərzaq məhsulları ilə Qurban Talıbovun mağazası təmin edirdi.
Qurban Talıbov bu gün də öz sahibkarlıq fəaliyyətini uğurla davam etdirir. Hazırda onun mağazasından minlərlə insan yararlanır. Bütün dağ camaatı toy-düyünlərini və digər məclislərini Qurban kişinin köməkliyi sayəsində keçirir. Bununla yanaşı, o hər ay onlarla şəhid ailəsinə və qazilərə təmənnasız yardım edir. Onu digər sahibkarlardan fərqləndirən ən mühüm cəhət odur ki, olduqca mehriban və səmimidir. Mağazasına gələn hər kəsi gülərüzlə və səmimi qarşılayır, heç kəsi əliboş yola salmır. Qurban Talıbov həm də mömin bir müsəlmandır. Vətəninə, xalqına və dövlətçiliyimizə sadiq olan Qurban Talıbov nüfuzlu el ağsaqqalıdır.
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir. Mömin heç vaxt: “İmkanım yaxşı olanda verərəm”, – deyib gözləməməli, imkanı qədər insanlara əl tutmağa adət etməlidir. Unutmayaq ki, Allah insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə deyil, hal-hazırda əlində olanlara görə hesaba çəkəcək. Ürək dolusu deyə bilərəm ki, Qurban kişi də bu sadalanan xüsusiyyətlər vardır.
Zahirəddin Məmmədov,
Sım kənd sakini,
Ağsaqqal müəllim