Şəhidimizin adını daşıyan körpə doğuldu. İnsan həyatında xatirəsi, işığı bir ömrə bərabər elə unudulmaz illər, günlər olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir, yenidən bir ömür yaşamaq qədər zövq verir. Xatirəsinə daldıqca ömrünü təravətləndirir, rövnəqləndirir, qüruba üz tutan həyat günəşini yenidən şölələndirir. Ömrün ən qayğısız, unudulmaz tələbəlik illəridir bu illər… Gəncliyin şah damarı, nəbzi tələbəlik illəri…Qayğısız tələbə həyatını yaşayan Gülnarənin o zaman xəyalına gəlməzdi ki, Bərdə şəhərindən Astaranın dağ kəndinə gəlin köçəcək və məhəbbət dolu həyatı yaşadığı dövrdə əzizlərini bir -bir qəfil itirəcək,qəlbi qübar bağlayacaq.

Öncə şəhid bacısı oldu. Sonra yeznəsini itirdi. Daha sonra oğlu Rövşənin şəhidlik zirvəsinə ucalıb qırxı çıxmamış tələbəlik illərində könül verdiyi, onunla birlikdə beş uşaq böyütdüyü həyat yoldaşı Qardaşxan  müəllimi itirdi.

Tələbə həyatını birgə yaşadığım  Gülnarəni oğlu şəhid olandan sonra iki  üç dəfə görmüşdüm.

Bu günlərdə onu yenidən görmək könlümə düşdüyündən zəngləşib yenə görüşdük. Rövşənin ,Qardaşxan müəllimin məzarını ziyarət etdik, şəhid adına olan bulaqdan su içib ruhuna dua etdim, sonra evlərinə yol aldıq. Gözləri gülürdü. Birdən “Gülnar, diləyim çin oldu, Rövşənim dünyaya göz açdı” -deyərək yenicə doğulmuş körpəni fərəhlə oxşaya- oxşaya mənə göstərdi və həyacanla söhbətə davam etdi: “Səbuhinin ilkin övladı qız olanda adını Rövşənə qoyacaqdım, amma cavanların istəyi ilə körpənin adı Banuçiçək oldu. Allah böyükdür, arzum ürəyimdə qalmadı, Rövşənim yenidən dünyaya gəldi”. 15 günlük  körpəni elə  bağrına basdı, sanki şəhid balasının qoxusunu alırmış kimi.

Bu məsum körpə böyüdükcə, yaşa dolduqca adının böyüklüyünü, kim olduğunu anlayacaqdır. Vətən torpağına qanı ilə bəsləmiş şəhid əmisinin adı bir ömür üstündə əbədi qalacaq. Bu qürurla yaşa dolub vətəninə, torpağına layiqli vətəndaş olmağını arzulayıram. Gözün aydın olsun, Gülnarə!

 

Şəhid analarının  gözündə  hər zaman sevinc işartısı olsun diləyi ilə

Gülnar Əsədli