Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar. Həmçinin rayon rəhbərliyinin təbriki məktəb kollektivinə çatdırılmışdır.
Son zamanlar respublikamızın təhsil sahəsindəki uğurlarından rayonumuz da geri qalmamışdır. Doğma Astaramız ötən 2023-2024-cü tədris ilini müvəffəqiyyətlə başa vurmuşdur. Rayon üzrə ümumtəhsil məktəblərində 17361 nəfər şagird təhsil alırdı. Yüzlərlə şagirdlərimiz respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə daxil olmuşdur.
Yeni tədris ilinin başlaması qarşıya yeni-yeni hədəflər qoyacaq. Prezident cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur. Bu il 30 ilə yaxın müddətdə ilk dəfə olaraq işğaldan azad olunmuş Şuşada, Xocalıda ilk zəng səsi eşidildi. Böyük müsibətlərə sinə gərən başı dumanlı Şuşa ilk zəngin səsi ilə öz doğma övladlarını qürurla qarşıladı. Əsrin soyqırımından (Xocalı faciəsi) sonra Xocalıda çalınan zəng faciə qurbanlarının ruhuna rahatlıq gətirdi.
Yeni tədris ilində bütün müəllimlərə, tələbələrə və şagirdlərə uğurlar arzulayırıq.