Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Deqadi kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı qeyd etmişdir ki, Şuvi nümayəndəliyinin ərazisində son illər çoxlu işlər görülüb. Hazırda burada böyük meyvə bağı salınır. Respublikada, ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə burada salınan meyvə bağlarında avokado və digər müxtəlif ekzotik meyvə sortlarının yetişdirilməsinə başlanmışdır. Bu bağlarda çalışan sakinlər həm məşğulluqlarını təmin edir, həm də bu yeni növ meyvələrin yetişdirilməsi təcrübəsini öyrənirlər. Bu yaxşı gəlirli bir sahə olduğundan sizə də təsərrüfatlarınızda yetişdirməyinizi tövsiyə edirəm.
Bilirsiniz ki, dövlətimiz aqrar sahənin inkişafına böyük diqqət yetirir. 2017-ci ildə cənab Prezident İlham Əliyev çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə əlaqədar Dövlət Proqramının qəbul edilməsi barədə Sərəncam imzalamışdır. Sərəncama əsasən yeni salınan sitrus bağlarının hər hektarına görə kifayət qədər subsidiyanın verilməsi nəzərdə tutulub. Bundan başqa hər il güzəştli qaydada verilən gübrələr də bu sahələrin inkişafı üçün olduqca səmərəlidir.
Kəndə yeni qaz xətti çəkilməklə, əhalinin uzun illər təbii qaz gözləntisi həllini tapıb. Elektrik xətt təsərrüfatında müəyyən təmir işləri aparılaraq elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Hazırda Sım kəndinə qədər yüksək gərginlikli hava xəttinin yenilənməsi işi gedir. İki il əvvəl Deqadi kənd ümumi orta məktəbi üçün əlavə sinif otaqlarından ibarət yeni tədris korpusu tikilərək istifadəyə verilmiş, tam orta məktəb kimi fəaliyyət göstərməsi üçün şərait yaradılmışdır. Hazırda qonşu Sərək kəndində yeni məktəb binasının tikintisi davam edir. Ümumilikdə rayonumuzda yeni layihələrin icrası uğurla davam edir. Turizm məkanı olan rayonumuzun gözəlləşməsi, daha da abadlaşması üçün hər birimiz əlimizdən gələni etməliyik.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandalları tərəfindən tamamilə dağıdılmış, talan edilmiş infrastrukturun bərpası, tikintisi üçün dövlətimiz milyonlarla, milyardlarla vəsait sərf etməsinə baxmayaraq digər regionlarımızın da inkişafının paralel aparılması dövlətimizin iqtisadi gücünün nəticəsi, həm də cənab Prezidentin vətəndaşlarına olan böyük diqqət və qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edənlər cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirmişlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı Deqadi kənd tam orta məktəbində şagird kontingenti artdığı üçün əlavə sinif otaqlarının tikilməsinə, məktəbin qarşısından keçən avtomobil yolunda piyada keçidinin təşkil olunaraq müvafiq nişanların quraşdırılmasına, fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.