Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatınin ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu baxımdan atılan mühüm addım sayılmalıdır. Bu proqram eyni zamanda, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Astara rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 290,0 hektar sahədə çəltik əkilmiş və keçən ilə nisbətən 54,2 hektar və ya 23,0 faiz çoxdur. 2024-cü il sentyabr ayının 17-nə olan operativ məlumata əsasən sahələrdən 938,9 ton çəltik məhsulu toplanmış, məhsuldarlıq 41 sentnerə bərabər olmuşdur. Çəltikçilik Astara rayonunun ənənəvi təsərrüfat sahəsidir. Astara rayonundaçəltikçiliyin inkişafı üçün geniş prespektivlər var.
Artıq bir neçə ildir bölgəmizin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Yerli düyüyə olan tələbat əkinçiləri çəltik sahələrini ildən-ilə artırmağa həvəsləndirir. Çəltikçilik rayonun əsasən Səncərədi, Pensər,Kakalos və Ərçivan ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir.
Qeyd edək ki, 2023-cü ildə Astara rayonunda 235,8 hektar sahədə çəltik əkini aparılmış və sahələrdən 967,6 ton çəltik məhsulu götürülmüşdür.
Rəşad Cahangirov,
Astara Rayon Statistika İdarəsinin rəisi