Uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə 20 sentyabr 2024-cü il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, həmçinin kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak etmişlər.

Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli iştirakçılara tədbirin məqsədi, təmsil etdiyi qurumun müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlər barədə məlumat vermişdir.

Polis Akademiyasının Daxili işlər orqanlarında inzibati fəaliyyət kafedrasının rəisi, polis polkovniki Rafiq Nəcəfquliyev və “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericilik sistemi, mövcud inzibati cəza tədbirləri, qanunla müəyyənləşdirilmiş normalar, uşaq əməyinin formaları, eləcə də insan alverinə məruz qalmış uşaqlarla bağlı həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə təqdimatlar nümayiş etdirilmişdir.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.