Azərbaycan tarixində şanlı qəhrəmanlıq səhifəsi açan, Vətən torpağının mənfur düşməndən azad edilməsində canından keçərək şəhidlik zirvəsinə ucalan, müqəddəs Bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda həyatlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq hər il 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.
Vətən müharibəsində Astara rayonundan 600 nəfərə qədər gənc iştirak etmiş, 41 nəfər şəhid olmuş, 138 nəfər yaralanmış, sağlamlığını itirmişdir. 2022-ci ilin sentyabr hadisələrində və ötən ilin antiterror tədbirlərində Astaranın daha üç qəhrəman övladı şəhid olmuşdur. Ümumilikdə, Qarabağ müharibəsində Astara rayonunun 127 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.
Anım Günü ilə əlaqədar Astara rayonunda silsilə tədbirlər keçirilmişdir. 27 sentyabr səhər saatlarından başlayaraq rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, xatirə lövhələrinin önünə qərənfillər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra şəhərin Park-bulvar ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksasiyası keçirilmiş, müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Anım Günündə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalının, Respublika Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in ixtisaslaşmış tibb işçilərindən ibarət həkim briqadası Astara Mərkəzi Xəstəxanasında şəhid və qazi ailələri üçün tibbi aksiya keçirtmişlər. Tibbi-sosial xeyriyyə aksiyasında tibbi yardıma ehtiyacı olan şəhid və qazi ailələrinin üzvləri EXO, EKQ, USM və digər zəruri müayinələrdən keçirilmiş, müvafiq müalicələr təyin olunmuşdur.
Bundan əlavə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Astaraya dəvət olunmuş BatıGöz Klinikasının peşəkar həkim heyəti tərəfindən Mobil klinikada şəhid ailələri, qazi və müharibə veteranları, onların ailə üzvləri, həmçinin aztəminatlı sakinlər müayinə edilərək müalicələr təyin edilmiş, göz əməliyyatına ehtiyacı olan xəstələr əməliyyat edilmişdir.