Astara Pedaqoji Kollecində 27 sentyabr Anım günü ilə əlaqədar şəhid Fərəcov Kamran Qılman oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara Pedaqoji Kollecin direktoru, professor Kamran Kazımov, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, şəhidin ailəsi, döyüş yoldaşları, müəllimlər, tələbələr və digər rəsmi şəxslər iştrak etmişlər. Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Astara Pedaqoji Kollecin direktoru, professor Kamran Kazımov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı dünya xalqları ilə müqayisədə məğrur, döyüşkən, vətənpərvər millətdir. Xalqımızın hər bir nümayəndəsi bir yumruq altında birlik nümayiş etdirərək qalib Sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Məhz bu birlik tarixi qələbəmizlə nəticələndi. Tarixi Zəfərimizi qəhrəman şəhidlərimizə, qazilərimizə və hər döyüşən əsgərimizə borcluyuq. Şəhidlərimizin keçdiyi həyat yolu gənclərimizə örnək olmalı, gələcək nəsillər vətənpərvər ruhda böyüməlidir.
Tədbirdə çıxış edən şəhid Fərəcov Kamranın döyüş yoldaşları onun vətənpərvərliyindən, mərdliyindən, döyüçkənliyindən, söz açmış, keçdiyi döyüş yolundan ətraflı məlumat vermişlər.
Sonda şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunmuşdur.