Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə
E.Süleymanova fəaliyyət dövrü ərzində ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığını, səmərəli təcrübə mübadiləsinin aparıldığını deyib.
Ombudsman Azərbaycanın Dağlıq Qarabağ ərazisinin, eləcə də yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyini, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirib.
Son günlər cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalisinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması barədə qonaqlara ətraflı məlumat verilib.
Müvəkkil artıq 25 ildir ki, fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinin və hər bir tövsiyəsinin nəticəsiz olduğunu nəzərə alaraq yeni mexanizmlərin işlənib hazırlanmasının məqsədəmüvafiq olduğunu qeyd edib.
ATƏT PA sədri Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan qonaq bu istiqamətdə “İnsandan-İnsana (People to People)” dialoq formatının daha səmərəli olacağını, bu baxımdan hər iki ölkənin vətəndaşlarının bir araya gətirilməsinin və dialoq mühitinin yaradılmasının əhəmiyyətini qeyd edib və bu istiqamətdə ATƏT PA olaraq istənilən köməyi etməyə hazır olduqlarını bildirib.
Kristin Muttonen insan hüquqlarının çox geniş bir sahə olduğunu, Müvəkkilin bu sahədə fəaliyyətini, xüsusilə təsisat tərəfindən hazırlanan hüquqi nəşrləri, əhalinin müxtəlif qrupları arasında aparılan maarifləndirmə tədbirlərinin, o cümlədən uşaq hüquqlarının pilləli tədris proqramını yüksək qiymətləndirib, sözügedən istiqamətdə Azərbaycan Ombudsmanı ilə Kopenhagen Ofisi arasında əməkdaşlığın və təcrübə mübadiləsinin çox faydalı olacağını qeyd edib.