Astarainfo.az Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Çukurova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində olub.
Cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU barədə qonağı məlumatlandıran Natiq İbrahimov universitetin son illərdə əldə etdiyi uğurlardan, elmin, texnikanın son nailiyyətlərinin təhsildə tədbiqindən, elmlə təcrübənin uzlaşdırılması istiqamətində son iki ildə atılan addımlardan ətraflı bəhs edib. Bildirib ki, LDU hazırda Türkiyə Cumhuriyyətinin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Natiq İbrahimov Çukurova Universiteti ilə də elmi-təcrübi əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsinin təşkilində maraqlı olduğunu dilə gətirib.
Səmimi qarşılanmaya görə minnətdarlıq bildirən türkiyəli qonaq Saadəttin Baloğlu təmsil etdiyi Çukurova Universiteti barədə LDU rəsmisinə ətraflı məlumat verıb,elmi-təcrübi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.Gələcəkdə bu istiqamətdə fəaliyyətin müxtəlif aspektləri söhbət əsnasında geniş müzakirə olunub.
Natiq İbrahimov hörmətli qonağa görüşdən xatirə olaraq Lənkəranın simvolu kimi Xəzər dənizinin təsviri olan tablo hədiyyə edib.Sonda xatirə şəkilləri çəkilib.