Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək.
AZƏRTAC DTT-nin saytına istinadla xəbər verir ki, mindən çox nümayəndəni əhatə edəcək sessiyada Dayanıqlı İnkişafın Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.
Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, DTT-nin Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin DTT-nin növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq.
Sessiya iştirakçılarının siyahısında Azərbaycan nümayəndə heyəti də göstərilib.