Cənub bölgəsinin təhsil işçiləri yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə ediblər

Ölkəmizin cənub bölgəsində keçirilən ənənəvi sentyabr konfranslarında təhsil işçiləri ötən tədris ilində görülən işlərə yekun vuraraq yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə ediblər.

Astarainfo.az  AZƏRTAC -a istinaden xəbər verir ki, sentyabrın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Yığıncaqda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın “2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzəsi dinlənilib.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qarşıdan gələn yeni dərs ili və Bilik Günü münasibətilə rayonun təhsil işçilərini, şagirdləri və tələbə adını qazanmış gəncləri təbrik edib.

Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan T.Qaraşov bildirib ki, təhsilin, elmin inkişafı olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil, ölkəmizin gələcək inkişafı üçün bu gün savadlı, bacarıqlı, müasir texnologiyalara mükəmməl yiyələnən gənclərin yetişdirilməsinə böyük ehtiyac var.

İcra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğını bir daha nəzərə çatdıraraq qeyd edib ki, dövlətimizin başçısının bu yaxınlarda Lənkərana növbəti səfəri rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Bildirilib ki, Prezident tərəfindən Lənkəranın davamlı inkişafı üçün göstərdiyi qayğı, xüsusən aqrar sahənin – çay, sitrus və çəltik sahələrinin dirçəldilməsi və inkişafı üçün verdiyi tapşırıq və sərəncamlar, bu sahəyə həsr olunmuş respublika konfransı heç şübhəsiz ki, rayonun iqtisadiyyatında mühüm rol oynayacaq.

Rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək dəyərləndirən T.Qaraşov təhsilimizin inkişafı üçün müəllimlərin bundan sonra da yüksək əzmkarlıq göstərəcəklərinə əminliyini ifadə edib.

Müzakirələrdə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktoru Qadir Axundov, valideyn Günel Cavadova, Şürük kənd tam orta məktəbinin direktoru Namik Bağırov, şəhər 6 nömrəli məktəb-liseyin məzunu, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Nazlı Bağırzadə, şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Ülkər Dadaşova, şəhər icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Təhsil Nazirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mirbaba Babayev çıxış ediblər.

Toplantıda bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayan gənclərə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilib.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

X    X   X

Sentyabrın 12-də Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Astarainfo.az  AZƏRTAC -a istinaden xəbər verir ki, konfransda rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun 2016-2017-ci dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 721 nəfəri ölkəmizin ali məktəblərinə sənəd verib. Onlardan 448 nəfəri qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanıb. Məzunlardan 62 nəfəri 500-600, 30 nəfəri isə 600-700 bal toplayıb. Orta-ixtisas məktəblərinə sənəd vermiş məzunlardan isə 380 nəfəri tələbə adını qazanıb.

Bildirilib ki, “Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik və bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq rayonun müəllimlərindən 2433-ü bilik və bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsindә iştirak edib. Diaqnostik qiymətlәndirmənin nəticələri göstərib ki, müəllimlərin əksər hissəsinin ixtisas və metodiki hazırlıq səviyyəsi yüksəkdir.

Diqqətə çatdırılıb ki, ötən tədris ilində rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib, bir sıra yeni məktəb binaları tikilərək şagird və müəllimlərin istifadəsinə verilib. 2016/2017-ci tədris ilində Şatıroba kəndində 180, Çayqıraq kəndində 140, Dəlləkoba kəndində 140 və Zuvandlı kəndində 120 yerlik məktəb binaları tikilib. Yeni dərs ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təhcizat İdarəsi tərəfindən rayonun Sirəbil, Əhmədli kənd ümumi orta, Təzə Alvadı kənd 2 nömrəli, Qasımlı və Güllütəpə kənd tam orta məktəblərinin binalarında cari təmir işləri aparılıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Mololon, Kubin və Ləngan kəndlərində yeni məktəb binası tikilib şagirdlərin istifadəsinə veriləcək. Meşəkənarı kəndində isə modul tipli yeni məktəb binası inşa olunub, Xallıcalı və Təkdam kənd ümumi orta məktəbləri üçün belə məktəblərin tikilməsi nəzərdə tutulub.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək bildirib ki, Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Son illərdə rayonda 50-dək yeni məktəb binasının tikilib istifadəyə verildiyini və əsaslı təmir olunduğunu vurğulayan R.Hüseynov ölkənin gələcəyini hazırlayan təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin düzgün qurulmasının vacibliyini diqqətə çatdırıb.

Çıxış edənlər ötən tədris ilində qazanılmış uğurlardan söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Tədbirdə rayonun bir qrup təhsil işçinə və təhsildə fərqlənən şagirdlərə fəxri fərmanlar verilib.

Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

X    X    X

Cəlilabadda keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini böyük ehtiramla yad ediblər.

Astarainfo.az  AZƏRTAC -a istinaden

xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Prezident İlham Əliyevin Cəlilabad rayonuna tarixi səfərini əks etdirən film göstərilib.

Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, konfransın işinə uğurlar arzulayıb.

Bu il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri təbrik edən Ə.Əzizov bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının artması sevindiricidir.

Son illər Cəlilabadda 40-dan çox yeni məktəb binasının tikildiyini, yaxud əsaslı təmir olunduğunu qeyd edən Ə.Əzizov ali məktəblərə qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərinin məzunlarının qazandıqları nailiyyətləri müəllimlərin dərs ili ərzində gördükləri səmərəli işinin məntiqi nəticəsi kimi dəyərləndirib.

Toplantıda rayon təhsil şöbəsinin müdiri E

lminaz Nadirovanın 2016-2017-ci dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib.

Tədbirdə rayon üzrə ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış gənclərə hədiyyələr ver

ilib.