Sığortalılar üçün mərkəzləşdirilmiş virtual istifadəçi kabineti yaradılır

İcbari Sığorta Bürosu sığortalılar üçün mərkəzləşdirilmiş virtual istifadəçi kabineti yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İcbari Sığorta Bürosunun dərc etdiyi hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, bütün xidmət sahələrində olduğu kimi, sığorta sahəsində də istifadəçilərin istək və ehtiyaclarının çevik şəkildə təmin edilməsi vacibdir. Büro hesab edir ki, vətəndaşlar öz icbari sığorta müqavilələri və onların vəziyyətinə dair operativ qaydada xronoloji və cari məlumat əldə etmək, təqdim etdiyi sığorta tələblərinin icra statusunu izləmək, həmçinin sığortaçı, vasitəçi və tənzimləyici ilə əks əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün büro sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb. Hazırda onlayn kabinetə giriş zamanı istifadə olunacaq audentifikasiya üsulları, təqdim olunacaq alətlər çeşidi və funksionallıq dəqiqləşdirilir.

İstifadəçi kabineti vasitəsilə sığortalılar icbari sığorta ilə bağlı bütün əməliyyatları heç bir yerə getmədən, eyni mərkəzdən idarə edə biləcəklər.