Naxçıvan Muxtar Respublikada miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 35 əcnəbi aşkarlanıb. Onlardan 29-u barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 6-sı barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1324 müraciət daxil olub. Bu müraciətlərdən 105-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 1219 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 342-si xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.