Böyük Britaniyanın Baş naziri Tereza Mey Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirir ki, “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı BP-nin rəhbərlik etdiyi konsorsium ilə SOCAR arasında imzalanmış Sazişin yenilənməsi növbəti onilliklər üçün Birləşmiş Krallıq və Azərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, Baş nazir “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniyanın və xüsusilə də BP-nin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynadığını vurğulayır. Qeyd edir ki, bu böyük sərmayə tarixdə ilk dəfə Azərbaycana tam suveren və müstəqil dövlət kimi, Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaradıb.
Tereza Mey bildirir ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tamamlanması Azərbaycan neftinin beynəlxalq bazarlara fasiləsiz surətdə təhlükəsiz nəqlinə imkan yaratmış növbəti mühüm hadisə olub. 2020-ci ildə başa çatdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya təbii qaz nəql edən mühüm ixracatçıya çevrilməsinin yekun mərhələsi olacaq. Həmin boru kəmərləri şəbəkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verəcəyi töhfə Böyük Britaniya tərəfindən alqışlanır.
Baş nazir “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı müqavilənin önəmini qeyd edərək bu mühüm uzunmüddətli sərmayənin enerji sahəsində strateji tərəfdaşlığımızı daha da möhkəmləndirməyə yardım edəcəyini və gələcək illərdə birgə firavanlığımıza töhfə verəcəyini vurğulayır.