Misirin Qahirə və Ayn-Şəms universitetlərinin ədəbiyyat fakültəsində Şərq dilləri, o cümlədən Azərbaycan dili ixtisası üzrə təhsil alan yerli tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misirdəki səfirliyinin birgə təşkil etdiyi müsabiqədə 29 yaşınadək olan 16 gənc iştirak edib. Onlardan 4-ü müsabiqənin qalibi olub.
Müsabiqənin yekunları ilə əlaqədar diaspor təşkilatının ofisində keçirilən tədbirdə iştirakçılara diplomlar təqdim edilib. Qaliblər isə Azərbaycan Respublikasının Gənclər və İdman, Xarici İşlər nazirliklərinin dəstəyilə ölkəmizə bir həftəlik səfərlə mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Azər Abbas və “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildiriblər ki, belə müsabiqələrin keçirilməsi ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, elm, təhsil, mədəniyyət, gənclərlə iş sahələrində də əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Qeyd edilib ki, misirli gənclərin Azərbaycan dilini öyrənməsi dolayısıyla ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.