Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşü keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib.
Gündəliyə əsasən illik görüşdə demokratik institutlar, informasiya və media azadlığı, ifadə və birləşmək azadlığı, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilib.
Ombudsman Aparatının rəhbəri 2-ci və 5-ci işçi iclasda müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib.
Aydın Səfixanlı 2-ci sessiyadakı çıxışında insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini, insan hüquq və azadlıqlarına hörmətin beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsi olduğunu qeyd edərək, ATƏT-i bir qurum kimi, o cümlədən ATƏT-ə üzv olan dövlətləri harada baş verməsindən və hansı dövlət tərəfindən törədilməsindən asılı olmayaraq beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, insan hüquqlarının, beynəlxalq humanitar hüququn davamlı olaraq pozulması faktlarına biganə qalmamağa, səssizlik nümayiş etdirməməyə, yeni-yeni hüquq pozuntularının baş verməməsi üçün bu pozuntulara yol verən Ermənistan dövlətinin cəzalandırılmasında səylərini birləşdirməyə səsləyib.
Qeyd olunub ki, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən ağır silahlardan atəşə tutulub, nəticədə Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olub, digər mülki şəxs Quliyeva Səlminaz ağır yaralanıb və mülki obyektlər dağıdılıb.
Eyni zamanda Ermənistan silahlı qüvvələri bölmələrinin 2017-ci il avqust ayının 7-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bildirilib ki, cəzasızlıq mühitinin arxayınçılığı o səviyyəyə çatıb ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək mülki əhalini, xüsusilə azyaşlı uşaq və qadınları qətlə yetirməkdən çəkinmir.
Çıxışda həmçinin Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, Uşaq Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin ciddi şəkildə pozulduğu, Azərbaycanın çoxəsrlik tarixi ərzində tolerant və mehriban birgə yaşama mədəniyyəti, ümumqəbul olunmuş dəyərlərə, sülhə sadiqliyi dünya dövlətləri üçün nümunə kimi göstərildiyi, Ermənistanın isə yalnız Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişaf üçün mühüm təhlükə mənbəyi olduğu qeyd olunub. Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ATƏT və üzv dövlətlər birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırılıb.