Astarainfo.az xəbər verir ki, Astarada Milli Musiqi günü təntənə ilə qeyd olunub
18 sentyabr Üzeyir Musiqi günüdür. Bu möhtəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirilib. Bu gün Azərbaycan musiqisi əsl çiçələnmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir.
Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin , musiqili komediya janrının yaradıcısıdır. Şərqdə operanın , operettanın əsasını qoyan, dövlət xorunu, simfonik orkestri yaradan, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirən- Üzeyir Hacıbəyov böyük yumora, hazırcavablığa malik bir insan olmuşdur. Gülüş onun yaradıcılığının ən mühüm xüsusiyyətlərindən olmuşdur.
Ədibin “ O olmasın, bu olsun”, “Arşın mal alan” komedyalarının, felyeton, satirik hekayələrinin mayası şən gülüşlə doğrulmuşdur. Ü. Hacıbəyovun taleyində ən möhtəşəm səhifələrdən biri də odur ki, bəstəkar Azərbaycan dövlət himninin musiqisinin müəlifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz , həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır. Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən , xalqın , dövlətin qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də Üzeyir Musiqi günləri böyük təntənə ilə qeyd edilir.
Həmin gün ölkəmizin hər yerində olduğu kimi bu münasibətlə Astara Uşaq Musiqi Məktəbində də “Üzeyir Musiqi Gününə” həsr olunmuş tədbir keçirilib .
Tədbirdə Astara Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov, icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş mələhətçisi Mirzə Bayramov ,“Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov, musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak etmişlər.
Tədbirdə çıxış edən məktəbin direktoru ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayaraq bundan sonra da gələcək nəsillərin dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun əsərlərini yaşadacaqlarını bildirib.
Sonda çıxış edən “ Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı qeyd etmişdir ki, Üzeyir Hacıbəylinin musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq”.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyovun “Leyli və Məcnun” və “Koruğlu”operasından, “Arşın mal alan” müsiqli komediyasından və dahi bəstəkarların əsərlərindən ifalar səslənib.Tədbir konsert proqramı ilə davam edib.
Astarainfo.az