Azərbaycanda tarixi 1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək.
Trend-in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, bu barədə “Mədəniyyət haqqında” qanuna yeni dəyişikliklər layihəsində qeyd edilir.
“Mədəniyyət haqqında” qanuna təklif edilən yeni dəyişikliyə görə, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab ediləcək.
Qanunun hazırkı variantına görə isə qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab olunur.
Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirməklə onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir.
Qanuna təklif edilən yeni əlavəyə əsasən, kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir.
Layihədə qeyd edilir ki, təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajların üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat , məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.