Sentyabrın 19-da Nyu-Yorkda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda çıxış edən nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrdən ciddi narahatlıq keçirir. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdiddir.
E.Məmmədyarov deyib: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Qoşulmama Hərəkatının gələcək sədri kimi, münaqişənin beynəlxalq hüquq və Hərəkatın qəti mövqeyi əsasında sülh yolu ilə həllinə töhfə vermək məqsədilə Azərbaycan bu funksiyadan istifadə etməyə çalışacaq”.
Azərbaycan və Fələstin arasında sıx siyasi dialoqun mövcud olduğunu bildirən nazir müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələrin keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın Fələstin hökuməti və xalqına davamlı dəstəyi müxtəlif səviyyələrdə təkrarlanıb və Fələstin dövlətinə dəstəyi davam etməkdədir. 2016-cı ilin mayında Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər edib və səfər çərçivəsində praktik əməkdaşlığın daha da intensivləşdirilməsini nəzərdə tutan ikitərəfli müqavilələr imzalanıb. Həmçinin Fələstinin Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət 2017-ci ilin fevralında Bakıya səfər edib.
Ortaq dəyərlər və mədəniyyətlərdən irəli gələrək, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq etmiş və bir-birini dəstəkləmişlər. Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. Bu il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının Tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransda Şərqi Qüdsün işğal altındakı son vəziyyəti haqqında ən yeni məlumatlar bölüşüldü, son hadisələr təhlil edildi və praktiki yollar araşdırıldı.
Beşinci onillikdir davam edən İsrail-Fələstin münaqişəsi humanitar hüquq və insan haqları da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində nizamlanma baxımından kollektiv, təxirəsalınmaz və qətiyyətli fəaliyyətin təcililiyini zəruri edir. Fələstin məsələsinin beynəlxalq hüquq və müvafiq BMT qətnamələri əsasında ədalətli və davamlı həllinə nail olunması beynəlxalq müdaxilə və münaqişənin özül səbəblərinin aradan qaldırılması üçün siyasi iradə tələb edir.
“Fürsətdən istifadə edərək, biz bir daha Fələstin xalqını ayrılmaz hüquqlarının və sülh, azadlıq və ədalət naminə qanuni iradələrinin reallaşdırılması istiqamətindəki səylərini dəstəklədiyimizi bəyan edirik”, – deyə nazir vurğulayıb.