Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Milli Şura”nın mitinqi ilə bağlı məlumat yayıb.
İdarədən Trend-ə verilən məlumata görə, bu gün özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.