Meksika ölkədə zəlzələ ilə əlaqədar yaranan çətin günlərdə göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib.
Bu barədə Cənubi Amerika ölkəsinin Azərbaycandakı səfirliyindən “Report”a daxil olan məlumatda bildirilir.
“Meksikanın Azərbaycandakı səfirliyi Meksika xalqı adından, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan xalqı və öz adından ünvanladığı çoxsaylı insan tələfatından kədəri ifadə edən və yaralananlara şəfa diləyən başsağlığı məktubuna görə minnətdardır”, – deyə məktubda qeyd olunur.
Məktubda həmçinin bildirilir ki, beynəlxalq ictimaiyyət, xüsusilə BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı baş verən təbii fəlakətə görə öz dəstəyini nümayiş etdirib:
“Bütün dünyanın dövlət və hökümət başçıları sentyabrın 19-da baş verən zəlzələnin fəsadlarına görə Meksika höküməti və xalqı ilə həmrəyliyini nümayiş etdirdi. Meksika Prezidenti Enrike Penya Nietoya ünvanlanan, səfirliyə təqdim olunan müxtəlif məktublar vasitəsilə aldığımız diqqətə görə ən dərin təşəkkürümüzü bildiririk. Bu çətin məqamlarda iki ölkə və iki xalq arasında olan dostluq əlaqələri bir-birinə daha yaxın hiss olunur”, – deyə səfirliyin məlumatında qeyd olunub.