Sentyabrın 27-də Bakıda keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb:
“Həmin gün gecə saat 22:00-23:00 radələrində, yəni bir saat ərzində stansiyalarla 25 mindən artıq sərnişin daşınıb. Platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb, müəyyən yerlərdə sərnişinlərin hərəkətinə müəyyən müddətə məhdudiyyətlər də qoyulub. Sərnişinlər mərhələ-mərhələ stansiyalara buraxılıb”.
Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Roma” qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.