“Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə – onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil”.
Trend-in məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib.
O qeyd edib ki, digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin bu tələbinə riayət etmirlər.
M.Yuan əlavə edib ki, bir çox süni uşaq qidası satan şirkətlər onun təbliğatını güclü aparırlar. Bu isə ana südü ilə qidalanma göstəricisinə mənfi təsir edir.
M.Yuan deyib ki, UNICEF davamlı olaraq, Azərbaycanda ana südü ilə qidalanma üçün təbliğat işləri həyata keçirir.
M.Yuanın sözlərinə görə, bu il ərzində UNICEF və Səhiyyə Nazirliyi ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olmasının səbəbləri ilə bağlı çevik qiymətləndirmə aparıb:
“Qiymətləndirmə nəticəsində məlum olub ki, cəmiyyətdə bəzi insanlar ana südünün ana və körpə üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirlər. Bundan əlavə, süni uşaq qidaları ilə bağlı verilən reklamlarla səhiyyə işçilərinin ana südü ilə qidalanma ilə bağlı verdiyi məsləhətlər arasında uyğunsuzluq olur. Bu da analarda çaşqınlıq yaradır”.