Astarainfo.az xəbər verir ki, rayon Mərkəzi Kitabxanasında rayon MKS-nin 2017-ci ilin 8 ayı ərzində fəaliyyətinin yekununa həsr olunmuş seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli açmışdır.
Rayon MKS-nin direktoru Tural Eyvazova geniş məruzə ilə çıxış edərək, göstərilən müddət ərzində kitabxananın rayon əhalisinə göstərdiyi xidmətdən danışmış, keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. T.Eyvazov hazırda rayon kitabsevərlərinin böyük marağına səbəb olmuş “Kitab Qatarı” layihəsi haqqında söz açmış, layihənin bundan sonra daha bir neçə kənddə də keçiriləcəyini vurğulamışdır.
Tədbirdə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, kənd kitabxana filial müdirlərindən Nuridə Həsənova, Nazilə Dadaşova, Ləyaqət Nəcəfova, Xaspolad Fətullayev, Gülşən Əsədullayeva, Humayə Məmmədova, Fərda Zaidov çıxış etmişlər.
Kənd kitabxana filial müdirləri çıxışlarında bu gün kitabın təbliğ olunmasından ötrü əlamətdar günlərlə yanaşı müxtəlif tədbirlər – səyyar kitabxana, açıq kitabxana, narkomaniyaya qarşı maarifləndirici tədbirlər, yerli yazarların yaradıcılıq gecəsi, mütaliə həftəsi və s. keçirdiyini, kənd ərazisində yaşayan yaşlı və fiziki qüsurlu insanlara evdə kitabxana xidməti göstərdiyini qeyd etmişlər.
Tədbirdə kitabxana sahəsində mövcud olan problemlərdən danışılmış, və onun həlli ilə əlaqədar müzakirələr aparılmışdır. Sonda Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli rayonun bir neçə müəssisəsinin bina şəraiti və iş fəaliyyəti ilə tanış olmuşdur.
Natavan Mədətzadə
Astarainfo.az