Ağlı söz kəsəndən, əlinə qələm alandan bəri qəlbində ədəbiyyata, poeziyaya və onu bu gün jurnalistikamızın tanınmış parlaq simalarınadan birinə çevirən mətbuatımıza sonsuz sevgi-məhəbbət bəsləyib qəlbində O!
Və zaman-zaman sabahımıza böyük inam hissi ilə yazıb yaradaraq yazıçı-publisist, şairə, jurnalist kimi yeni-yeni yaradıcılıq uğurları ilə bir qəlbdən min qəlbə yol tapıb Almaz İlahə Əhmədova…
Bəli, bu gün yeni yaşını-yubileyini qeyd edir, Almaz xanım… Əslində yaradıcı insan üçün o zirvədən ətrafa boylanmağın da xüsusi bir ahəngi var. Bu kamillik zirvəsindən baxdıqca şirin-acılı xatirələr toz basmış izlərini necə təzələyirsə, daldığın xəyalar səni çox-çox uzaqlara aparır. Taleh Həmid demişkən:
“Gənclik durnalartək uçub gedəndən,
Ağrılar-acılar başa keçdilər.
Bilmirəm, nə gördü nazlı gözəllər,
Adımı sormamış, yaşa keçdilər…”
Çox duyğusal, hüznlü, həssas və qırılqan xatirələr təməlində qurulan yaradıcılığı içərisində qələmə aldığı əksər yazılarda 8 kitab müəllifi şairə-jurnalist Almaz xanım dünyanın faniliyinə hər dəfə işarə edir. Ən böyük üstünlüyü isə fani dünyada belə yer üzünün əşrəfi sayılan insanı, insan ləyaqətini və vicdanını daima yüksək tutur.
Elə onun bu böyüklüyünün şahidləriyik çoxumuz, mən özüm də… Ötən ayın- sentyabrın 7-də yolumuz paytaxta-Novxanı qəsəbəsinə idi… Qəsəbədəki bayramsayağı bəzədilmiş “Alfa” restoranı həmin gün nədənsə daha cazibədar və bir o qədər də doğma gəlirdi hər kəsə…
Vətənsevərliyi, xanım-xatınlığı, xalqa, el-obaya sağlam fəaliyyəti, xidməti ilə minlərin qəlbini fəth edən Almaz xanımın işığına- onun təsisçisi olduğu, qısa zamanda böyük sayğı, sevgi və ən əsası çoxsaylı oxucu kütləsi qazanmış DJB.az xəbər informasiya portalının 1 yaşını bilikdə qeyd etmək üçün bir arada idi dostlar. Saatlarla dolub-boşalan bu zal təbrik, alqış səslərindən titrəyir, çöhrəsindən təbəssüm yağan söz-sənət adamları, idman ulduzları, vətən keşiyində qeyrət, şücaət, insanlıq nümunəsi göstərmiş fədailərimiz uzun illərdən tanıdıqları Almaz xanım haqqında deyilməmiş xatirələri canlandırır, qəlbləri riqqətə gətirirdilər.
O əziz gündə gözlərindəki azacıq nəmi gizlətmək istəsə də, kövrək hisslərlə ara-sıra daxilən keçirdiyi hıçqırtısı diqqətimdən yayınmır Almazımızın! Böyük uğurlarla yanaşı, böyük yaşantıların, itkilərin hıçqırtısıydı bu, bilirəm. Amma nə etməli, hər zaman dualı əllərinizlə, Allaha ibadətiniz, gələcəyə nikbin baxışlarınızla bu hıçqırtılara, sızıltılara güc gəlmisiniz, əziz bacım! Yenə də Taleh Həmidə müraciət edirəm:
“Göz yaşına seldi demə,
Sellər dənizə axar.
Ağlamağı dərd eləmə,
Ağlar günlər arasında
Güləcək bir gün də var.
Demə keçən keçib getdi,
Ömrümüzü biçib getdi,
Ümid sonuncu ölür,
Keçmiş günlər arasında
Üstümüzə qayıdacaq –
Gələcək bir gün də var.
Biz nə vaxtsa təkəm-tənha,
Təklənib yalqız qalırıq.
Günləri doğmatək qarşılasaq da,
Sonda yad adamtək yola salırıq.
Gəl öpək ötən günləri,
O günlərin arasında
Biz öləcək bir gün də var…”
Bu məhəbbət, bu ehtiram, beləcə qəlb sayğısı hər kəsə nəsib olmur yaşadığımız dünyada, əziz oxucu.! Bu yalnız Almaz ürəkli, Almaz dəyərli insanlara Tanrının bir bəxşişidir. Xoş gördük yeni yaşında-yubileyin mübarək, əziz bacımız Almaz xanım!!!
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...