Rusiya hökumətinə çalışan hakerlər ABŞ-ın xarici kompüter sistemlərinə necə daxil olması və özünü kiber hücumlardan hansı yollarla qorunmasını əks etdirən məlumatları oğurlamağa müvəffəq olublar. Bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri yazıb.
ABŞ kimi dövlətin bazası bu cür hücumlara məruz qala bilirsə, Azərbaycanı da eyni təhlükə gözləyə bilər.
Bu baxımdan maraqlıdır, ölkəmiz bu cür hücumlardan necə sığortalanıb?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-aaçıqlamasında bildirib ki, yalnız ABŞ-ı deyil, istənilən ölkəni bu cür təhdidlər gözləyir:
“Əvvəllər bunu müəyyən maraqlı qruplar reallaşdırırdısa, indi artıq ayrı-ayrı dövlətlər, maliyyə qrupları da hakerlər saxlayır. Yəni haker, kiber hücumlar dövlətlərin maraq obyektinə çevrilib. Kiminsə hansısa hökumətlə problemləri varsa, bu kimi hücumlar labüddür. Düşünürəm ki, Azərbaycanı da istəməyənlər var.
Əlbəttə, ölkəmizin inkişafını gözü götürməyənlər mövcuddur. Ona görə bu cür hücumların olması istisna olunmur və həmişə gözləniləndir. Ara-sıra baş verən hadisələr də bunu sübut edir”.
Ölkədə bu istiqamətdə hansı işlər görülür?
O.Gündüz qeyd edib ki,son dövrlərdə bu sahədə müsbət tendensiya var:
“Məsələn, dövlət qurumların, orqanların təhlükəsizliyi ilə bağlı xeyli addım atıldı. Yəni ayrıca dövlət qurumu, informasiya strukturu yaradıldı , qanunvericilik müəyyən qədər dəyişdirildi. Bir var, hücumlara qarşı qabaqcadan tədbirlər görmək, bir də var artıq hadisə baş verib. Və bu zaman nə etmək lazım olduğunu düşünmək lazımdır.
Bu iki məsələ ilə bağlı müəyyən problemlər var. Kiber cinayət başqa cinayətlərdən fərqli olaraq qlobaldır. Bu ölkə daxilində olmur və kənardan baş verir. Yəni bir kiber hücumda 4-5 ölkə iştirak edə bilər. Əlbəttə, bu zaman əməkdaşlıq olmalıdır.
Həmçinin dövlət qurumları arasında kiber cinayətlərlə bağlı koordinasiyaya və səlahiyyətlərin bölünməsinə ehtiyac var. Tutaq ki, sizin saytınıza, və ya sosial resurslarınıza nəsə oldu, müxtəlif informasiyalar oğurlandı və.s. Bu da kiber cinayətdir. Yaxud sizin saytınızda milli əhəmiyyət kəsb edən informasiyalar hücuma məruz qaldı. Bəs bunlarla kim məşğul olacaq? Düşünürəm ki, bu istiqamətdə qanunvericiliyə baxılmalıdır”.
Pul ayrılmalı, kadrlar hazırlanmalı və infrastruktur yenilənməlidir
Müsahibimiz düşünür ki, bu sahə kifayət qədər ciddi əhəmiyyət kəsb etdiyindən hökumətin də bəlli bir dəstəyi olmalıdır:
“Eyni zamanda kadrların hazırlanmasına ciddi diqqət yetirilməlidir. Yəni xarici təcrübənin öyrənilməsi, mütəxəssislərimizin xaricə göndərilməsi və.s.
Hesab edirəm ki, bu sahə kifayət qədər ciddi əhəmiyyət kəsb etdiyindən hökumətin bəlli bir dəstəyi olmalıdır. Kənardan hansısa vəsaitlərin ayrılmasının fəsadları böyük ola bilər.
Ona görə bu istiqamətdə büdcə ayrılmalı, kadrlar hazırlanmalı və infrastruktur yenilənməlidir. Bütün sahələr inteqrasiya etdikcə bu cür təhdidlər də artacaq. İndidən tədbirlərin görülməsi daha yaxşıdır”.