Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstan Prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
İlham Əliyev bildirib: “Hörmətli cənab Prezident. Hörmətli xanım Desislava Radeva. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Diplomatik əlaqələrimiz 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında münasibətlərin zəngin tarixi var. Bu münasibətlər mədəniyyət, incəsənət, elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl ənənə üzərində qurulmuş əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu gün də ölkələrimiz arasında humanitar sahədə münasibətlərin inkişafı məmnunluq doğurur: “Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir: “Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur. İnanıram ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcəkdir. Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri – Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır”.
Prezident qeyd edib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur: “Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik müddətində əlaqələrimiz daha da möhkəmlənəcək. Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...