AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyi təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

Bu gün Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) Baş Assambleyasının 5-ci iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Avvad bin Saleh əl-Avvad, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi, təşkilata üzv dövlətlərin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndə heyətləri, o cümlədən AZƏRTAC-ın əməkdaşı iştirak edib.
Tədbirdə İİNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, İƏT-in 2025-ci ilədək nəzərdə tutduğu iş proqramı çərçivəsində fəaliyyət planı təsdiqlənib. Sonra təşkilati məsələlərə baxılıb. Səudiyyə Ərəbistanının nümayəndəsi İcraiyyə Şurasının sədr müavini seçilib. Şuraya Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da daxil olmaqla, doqquz yeni üzv qəbul olunub. İclasda, eləcə də İİNA-nın yeni nizamnaməsi təsdiqlənib, təşkilatın birliyə çevrilməsi məsələsi müzakirə olunaraq qəbul edilib.
İclasda İslam dünyasının problemlərinin işıqlandırılmasında, eləcə də terrorun təbliğinə və islamofobiyaya qarşı mübarizədə İƏT-ə üzv dövlətlərin milli xəbər agentliklərinin rolu, milli xəbər agentlikləri arasında əməkdaşlığa dəstək, “İslam Əməkdaşlıq Təşkilatının mükafatı” müsabiqəsində iştirak məsələləri ətrafında da müzakirələr aparılıb. Baş Assambleyanın 6-cı iclasının Cibutidə keçirilməsi qərara alınıb.
Xatırladaq ki, İİNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin 2006-cı ildə Ciddədə keçirilmiş 7-ci iclasında agentliyin fəaliyyətini gücləndirmək üçün struktur islahatlar aparılması qərara alınıb.
Agentlik İcraiyyə Şurası və Baş Assambleya olmaqla, iki rəhbər orqandan ibarətdir. On bir üzvü olan İcraiyyə Şurası agentliyin informasiya fəaliyyətinə nəzarət edir və hər il keçirilən iclasında inzibati, maliyyə və texniki məsələlərə baxılır. İki ildən bir keçirilən Baş Assambleyada isə İƏT-ə üzv dövlətlərin xəbər agentliklərinin direktorları və nümayəndələri iştirak edirlər.

 

Əsas məqsədi İslam dövlətləri arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA üç dildə – ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.