Astarainfo.az xəbər verir ki, Astara rayon icra hakimiyyəti, “Astara” qəzeti, Astara rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə oktyabrın 20-də şəhər 1 nömrəli tam orta məktəbində İKT-dan düzgün istifadə qaydaları, sosial şəbəkələrin təməl prinsipləri və sosial şəbəkələrdə mövcud durum mövzusuna həsr olunmuş təlim kursu keçirilib.
Təlim Kursu çərçivəsində müasir dövrdə internet medianın və sosial şəbəkələrin cəmiyyətdə rolu, sosial şəbəkələrin təməl prinsipləri, sosial şəbəkələrdə sosial struktur, sosial qarşılıqlı anlaşma, sosial obyekt, saxta profillərin yaradılmasının qarşısının alınması, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, xüsusən İKT-də və sosial şəbəkələrdə dövlətçilik ənənələrinin qorunması və təbliğ olunması məsələləri geniş müzakirə olunub.
Təlimdə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov,rayon təhsil şöbəsinin əməkdaşı Yelmar Hüseynov məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Təlimi giriş sözü ilə açan “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxış edərək bildirib ki, 21-ci əsrdə əsas ünsiyyət növü olan sosial şəbəkələrdən düzgün istifadə etmək, saxta profillər yaratmamaq, sosial şəbəkələri dezinformasiya platformasına çevirməmək, dövlətçilik ənənələrini qorumaq və təbliğ etməklə informasiyanın geniş hədəf auditoriyasına doğru şəkildə əks təbliğat etmədən çatdırmaq lazımdır.
Təlimdə sosial şəbəkələrdən düzgün istifadə edilməməsi hansı hüquqi nəticələrə səbəb olur, nə kimi cinayətlərin baş verməsinə şərait yaradır, informasiya kommunikasiya texnologiyaları sahəsində baş verən cinayətlər və onların baş verməsinin qarşısının alınmasında görülən tədbirlər haqqında çıxış edən Elnur Rəsulov qeyd edib ki, sosial şəbəkələr, informasiya agentlikləri , xəbər saytları və ümumilikdə kütləvi informasiya vasitələri üçün ilkin məlumat mənbələrindən biridir.O bildirmişdir ki, sosial şəbəkələrin mənfi tərəfləri olduğu kimi müsbət tərəfləri də vardır. Problem heç də sosial şəbəkələrin varlığında deyil, onlardan hansı məqsədlə istifadə olunmasındandır.
Təlimdə yeni media və ənənəvi medianın mənfi və müsbət tərəfləri müəllim və şagird kollektivi ilə geniş formada müzakirə olunub. Şagirdlərin təklif və rəyləri dinlənilib, qısa video çarxlar təqdim olunmaqla qrup müzakirələri aparılıb.
“Astarainfo.az