“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilib.
Publika.az-ın məlumatına görə, dəyişikliklərə əsasən ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat müəyyən olunur.
Habelə toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar müəyyən olunur. Bu qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.
Bundan başqa, audiovizual əsərlərin efir yayımı televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla), həmçinin audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə – 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödəniləcək.
Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorar yaradıcı heyət arasında aşağıdakı şəkildə bölünəcək:
1. Bədii filmlərə görə ümumi: 17; onlardan: ssenari müəllifinə – 6; quruluşçu rejissora – 6;quruluşçu operatora – 2; quruluşçu rəssama – 2; bəstəkara – 1.
2. Musiqili filmlərə görə ümumi: 18; onlardan: ssenari müəllifinə – 6; quruluşçu rejissora – 6; quruluşçu operatora – 2; quruluşçu rəssama – 2; bəstəkara – 2.
3. Cizgi filmlərinə görə ümumi: 17; onlardan: ssenari müəllifinə – 4; quruluşçu rejissora – 6; quruluşçu operatora – 2; quruluşçu rəssama – 4; bəstəkara – 1.
4. Sənədli və elmi-kütləvi filmlərə görə ümumi: 16; onlardan: ssenari müəllifinə – 4; quruluşçu rejissora – 6; quruluşçu operatora – 4; quruluşçu rəssamа – 1; bəstəkara – 1 faiz.
Qərarda qeyd olunur ki, Azərbaycan ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar.
Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Müəllif Hüquqları Agentliyinə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər.