Respublikamızda sitrus meyvələri ilə məşhur olan bölgələrdən biri də Astara rayonudur. Artıq uzun illərdir ki, bu bölgədə yetişdirilən sitrus və subtropik meyvələrin şöhrəti ölkəmizin sərhədlərindən uzaqlara yayılıb.  Son illər rayonda sitrusçuluğun inkişafı diqqət mərkəzindədir. Rayon rəhbərliyi bu perspektivli sahənin inkişaf etdirilməsi üçün yeni və mütərəqqi üsulların tətbiqinə xüsusi diqqət yetirir.

Hörmətli icra başçısı Qəzənfər Ağayevin təşəbbüsü və təşkilatçılığı ilə bu ilin aprel və iyun  aylarında rayonumuzda sitrus məhsulları istehsalçıları üçün təşkil edilən seminara Türkiyənin subtropik meyvəçilik mərkəzinin alimləri dəvət olunmuşlar. Qabaqcıl təcrübələri barədə məlumat verən qonaqlar rayonun sitrus bağlarında olmuş, sitrusçuluğun səmərəliyini artırmaq üçün yeni növ tinglərin əkilməsini tövsiyə etmişlər. Bu məqsədlə rayona on mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən “Satsuma” yapon sortu naringi və limon tingləri gətirilərək əkilmişdir.

Hazırda rayonumuzda 2350 hektar sitrus bağı vardır ki, onun da 425 hektarı ötən il salınmışdır. Rayonumuzun sitrusçuluqla məşğul olan ən böyük yaşayış məntəqəsi Siyəkü kənd ərazi nümayəndəliyidir. Nümayəndəliyin ərazisində 507 hektar sitrus bağı salınmışdır. Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirovun bildirdiyinə görə artıq bir neçə gündür ki, tez yetişən naringi meyvəsinin yığımına başlanılmışdır. Noyabrın əvvəllərindən başlayaraq bütün növ naringi meyvəsinin yığımı nəzərdə tutulur.

Biz bu günlərdə Siyəkü kənd ərazi nümayəndəliyinin Şağlazüzə kəndində fermer Radik Mahmudovun sitrus bağlarında meyvə yığımı ilə məşğul olan zəhmət adamlarının fəallığının və işgüzarlığının şahidi olduq. Radik Mahmudov söhbət zamanı bildirdi ki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı sitrus istehsalçılarının da böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Sitrusçuluğa dövlət qayğısı bizi bu sahənin inkişafına xüsusi diqqət yetirməyə ruhlandırır. Bizim 3 hektara yaxın sitrus bağlarımızda feyxoa, naringi, limon, portağal, kivi və digər meyvə ağacları yetişdirilmişdir. Əvvəlki illərə nisbətən məhsuldarlıq bir qədər aşağı olsa da biz ruhdan düşmürük. İndiyədək bir tondan çox feyxoa yığıb alıcılara satmışıq.

Ümumiyyətlə ilin solunadək 4 tondan çox feyxoa yığımı gözlənilir. Artıq 2 gündür ki, tez yetişən naringi ağaclarından meyvə yığımına başlamışıq. 25-30 ton naringi meyvəsi yığmağa imkanımız var. Əlbəttə sitrus meyvə ağaclarının yetişdirilməsi gərgin əmək və gecəli-gündüzlü zəhmət tələb edir. Fəhlələrdən Azad Qafarov və Xanağa Gənciyev meyvə bağlarına nümunəvi xidmət göstərilməsində fərqlənirlər. Meyvə yığımında Səbiyə Əliyeva, Fəxrəndə Fətəliyeva və başqaları tapşırılan işin öhdəsindən nümunəvi şəkildə gəlməyə çalışırlar.

Sitrusçuluğa göstərilən dövlət qayğısından ruhlanan Radik Mahmudov bu il daha bir hektarda yeni sitrus bağı salınması üçün konkret və əməli tədbirlər həyata keçirmişdir. Ümumilikdə Siyəkü ərazi nümayəndəliyi üzrə əlavə olaraq on hektardan çox yeni sitrus bağı salınması nəzərdə tutulmuşdur.

 

Astarainfo.az

Astarainfo.az