Avqustun 4-də Azərbaycan Dillər Universiteti (ADU) və ABŞ Dövlət Departamenti Amerika Şurasının birgə layihəsi olan “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib.
Astarainfo.az AZƏRTAC- a istinadən bildirirki, mərasimdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini söyləyib. Proqram çərçivəsində yeddi amerikalı tələbənin səkkiz həftə ərzində Azərbaycan xalqının mədəniyyəti, dili və tarixi ilə daha yaxından tanış olduqlarını bildirib.
ABŞ səfirliyinin əməkdaşı Rey Ney
ler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip tələbələrin Azərbaycan dilinə yiyələnmələri üçün yaratdıqları şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.
Ölkəmiz haqqında təəssüratlarını bölüşən amerikalı tələbələr “Payız gəldi” mahnısını ifa ediblər.
Bakıda və rayonlarda amerikalı tələbələrin müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınan fotoşəkillərdən ibarət videoçarx göstərilib.
Sonda amerikalı tələbələrə və Azərbaycan dilini tədris edən müəllimlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramı çərçivəsində Azərbaycan dilini öyrənən amerikalı tələbələr proqram müddətində Bakının tarixi yerləri ilə tanış olublar. Eyni zamanda, rayonlara təşkil olunan səfər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri ilə yaxından tanış olublar. Amerikalı tələbələr Azərbaycan mətbəxi ilə də tanış olaraq qutabın hazırlanması qaydasını öyrəniblər. Proqram müddətində onlar üçün dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub.