Astara Gənclər Evində 2 fevral Gənclər günü münasibətilə,Rayon İcra Hakmiyyəti,  Şəhər Bələdiyyəsi, Rayon Medeniyyət Mərkəzinin dəstəyi, Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bayram şənliyi keçirilmişdir.
İlk olaraq rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev qonaqları salamlamış, Gənclər günü münasibəti ilə  bütün gəncləri təbrik etmişdir. O çıxışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və gənclər günün təsis edilməsi tarixinə toxunmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbir açıq elan edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova Astara Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin gənclərə təbrik məktubunu oxumuşdur.
Daha sonra Gənclər və İdman İdarəsinin 2017-ci il ərzində həyata keçirdiyi tədbirlər, görülən işlərdən ibarət idarənin baş məsləhətçisi Elnur Qurbanlı məruzə ilə çıxış  etmiş və videoçarx nümayiş olunmuşdur.
Astara şəhər Bələdiyyəsinin sədri Aygül Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, YAP gənclər birliyinin sədri Tural Eyvazov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxış edərək gəncləri təbrik etmiş, onlara təhsillərində və gələcək kariyeralarında uğurlar arzulamış, vətənpərvər ruhda böyüməyi, xalqımızın milli-mənəvi dəyərlərinə uyğun formalaşmağı tövsiyə etmişlər.
Çıxış edənlər bildirmişlər ki, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi.Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Azərbaycan Gənclər günü münasibətilə intellektual bilik yarışlarında  və rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən və gənclər siyasətinin həyata keçirilməsində iştirak edən bir qrup gənclər, Rayon Gənclər və İdman İdarəsinin fəxrini fərmanları və xatirə hədiyyələri ilə təltif edilmişlər. Həmçinin 2016-ci ildən etibarən Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən “Altay” Kompyuter və İngilsi dili kurslarını müvəffəqiyyətlə bitirən bir qrup gencə sertifikat və şəhadətnamələr təqdim olunmuşdur.
 Astara rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının ifasında müsiqi nömrələri səsləndirilmiş, gənclər üçün müxtəlif maraqlı oyunlar keçirilmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.
  Elnur Qurbanlı