Əziz astaralılar!

Qədim tarixə malik olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Elimizin, obamızın bu gözəl bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə cansağlığı, xoşbəxtlik, səadət, bol-bol sevinc və fərəh dolu günlər arzulayıram.
Novruz bayramı milli adət-ənənələrimizi özündə birləşdirən, sarsılmaz birlik, mənəvi saflıq yaradan, bol ruzi, firavanlıq, xoşbəxtlik, dostluq rəmzi olan ən gözəl, müqəddəs bayramlardan sayılır. Azərbaycanda əziz tutulan, böyük mənəvi gücə malik olan Novruz bayramı xalqımızın milli ruhunu və yaddaşını yaşadır. Hər bir azərbaycanlı hələ uşaq yaşlarından Novruzun hər yerdə necə təntənə, böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunmasının şahidi olub, müxtəlif adət və ənənələrin təcəssümü olan bayram şənliklərinin iştirakçısına çevrilib.
Novruz bayramının Azərbaycanda azad və təntənəli şəkildə qeyd edilməsi, xalqımızın rəsmi, milli bayramına çevrilməsi Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində Azərbaycanda böyük təntənə ilə qeyd olunan bayram şənliklərində Ulu Öndərimiz Heydər Əliyevin xalq arasında olması, qədim adət-ənənələrimizin nümayişinə çevrilən müxtəlif tədbirlərdə iştirak etməsi hamımızın yadındadır.
Xalqımızın dahi oğlu Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev də Novruz şənliklərinin bütün ölkədə yüksək səviyyədə keçirilməsinə hər cür şərait yaratmaqla, Bakıda keçirilən Novruz şənliklərində şəxsən iştirak edərək xalqla daim birlikdə olduğunu nümayiş etdirir.
Novruz bayramı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş, bir çox dövlətlərdə, habelə TÜRKSOY, UNESCO və İSESCO-da qeyd olunur.

Əziz astaralılar!

Möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında müstəqil dövlətimiz ildən-ilə inkişaf edir, abadlaşır. Görülən genişmiqyaslı tikinti quruculuq işləri nəticəsində respublikamızın bütün rayonlarının, şəhər, qəsəbə və kəndlərinin siması gözəlləşmiş, müasirləşmiş, əhalinin rifah halı xeyli yaxşılaşmışdır. Ölkəmizə gələn qonaqlar Azərbaycanın uğurlu inkişaf modelinin şahidi olur, bu gözəl və yaraşıqlı diyara heyranlıqlarını gizlədə bilmirlər. Bunu Azərbaycanın dilbər guşələrindən olan Astara rayonunun timsalında aydın görmək olar.
2017-ci ildə rayonumuzda abadlıq və quruculuq işləri daha geniş vüsət almışdır. Həyata keçirilən layihələrdən xüsusi əhəmiyyət kəsb edən  Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmış, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Xalqımız bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə bu diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirirlər.
Rayonumuzda sahibkarların və iş adamlarının səmərəli fəaliyyət göstərməsi üçün işgüzar mühit yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar konkret və əməli tədbirlər həyata keçirilir. Rayonda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi məqsədilə bütün qüvvələr səfərbərliyə alınmışdır. Novruz bolluq, bərəkət deməkdir. Biz də bərəkətli torpaqlarımızdan daha səmərəli istifadə etməklə əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına ciddi səy göstəririk.
Doğma Astaramız gündən-günə simasını dəyişir, ölkəmizin gözəl, yaraşıqlı, füsunkar diyarına çevrilir. Biz Azərbaycanımızın dilbər guşəsi olan Astaranın daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf edəcəyik.

Əziz astaralılar!

Sizi bir daha Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bütün ailələrə bol ruzi-bərəkət, xalqımıza əmin-amanlıq və firavanlıq arzulayıram! Qoy Novruz öz gəlişi ilə hər evə səadət və xoşbəxtlik gətirsin!

Novruz bayramınız mübarək! 

Qəzənfər Ağayev

Astara rayon İcra Hakimiyyətinin başçısı

Astarainfo.az