Astara rayon Mərkəzi Kitabxanasında 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə ətraflı məlumat verib.
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən rayon MKS-nın mərkəzi və kənd kitabxana filiallarında silsilə tədbirlərin keçirildiyini qeyd edən rayon MKS-inin direktoru Tural Eyvazov erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Anım tədbirində rayon MKS-nın direktor müavini İlyas Məmmədov, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış ediblər.

Natəvan Mədətzadə

Astarainfo.az