“Topun qəbulunda bəzi problemlərimiz var idi, bu oyunda mənfi tərəflərimizi görə bildik”.
Astarainfo.az“Report”-a istinadən xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Kseniya Poznyak Sloveniya ilə yoxlama matçını (2:2) şərh edərkən deyib.
Yığmanın 31 yaşlı oyunçusu daha çox çalışmalı olduqlarını söyləyib: “Unutmayaq ki, bu, komandamız üçün uzun fasilədən sonra ilk oyun idi. Addım-addım formamızı yığırıq. Belə matçlarda nəticə önəm daşımır. Əsası odur ki, rəsmi oyunlara hazır olaq”.
Qeyd edək ki, Azərbaycan millisi 22 sentyabr – 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə Sloveniyanın Maribor şəhərində hazırlıq keçir.