Mayın 31-də Astara Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda sərgi və tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, “Narkomaniya  – ölümə aparan qısa yol” mövzusunda film nümayiş olunub.
Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin  baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib.  Bildirib  ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, həmin problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi.
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Astara rayon Polis Şöbəsinin İçtimai Təhlükəsizlik Bölməsinin inspektoru, polis kapitanı Anar Atakişiyev, Astara rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənullayev çıxış ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Elza Kazımova 

Astarainfo.az