Avqustun 11-i saat 18:00-a olan məlumata əsasən, paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 7997 ərizənin qeydiyyatı aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, avqustun 1-dən başlayan elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumtəhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.