Yaşadığımız illərdə həyatımız iradəmizdən asılı olmayaraq müxtəlif rənglərlə boyanır. Ağ günə çıxdığımız da olur, qara günün yan keçmədiyi vaxtlar da… Həyatımızın bu cür dəyişkən rəng balansına baxmayaraq insan çoxsaylı rənglər sırasında yalnız bir rəngi sevir. Təkcə ona görə yox ki, həmin rəng insanın zövqünü və gözünü oxşayır, burada həm də bir xarakter məsələsi də var.

 Ağ bütün rənglərin sintezi olduğuna görə ideal rəngdir. Eyni zamanda işığın parıltısını və buzun soyuqluğunu özündə əks etdirdiyinə görə bu rəng çox dərin məna daşıyır. Bu rəngə istənilən xarakterli insan üstünlük verə bilər, o heç kimi özündən uzaqlaşdırmır.

Qara həyatın qaranlıq şəkildə anlanmasının simvolu olan qətiyyətsizlik rəngidir. Qara geyinməyə üstünlük verən insanlar ideallarının əlçatmazlığına tərəddüd etdiklərinə görə həyatı adətən qara rənglərdə qəbul edirlər, özlərinə inanmırlar, depressiyaya meylli olurlar. Qayğının və sevginin olmamasından əziyyət çəkən insanlar şəkil çəkdirdikdə qara rənglərə üstünlük verirlər.

Boz dərrakəli, hər şeydən şübhələnən və hansısa bir qərar qəbul etməzdən əvvəl çox düşünən insanların sevimli rəngidir. Çox vaxt boz rəng bərk yorğunluq zamanı ətraf dünyanın qıcıqlandırıcılarından qoruyan divardır.

Qırmızı ehtiraslar rəngidir. Bu rəngi xoşlayanlar cəsarətli, iradəli, hökmranlığı sevən, tez özündən çıxan və mehriban insanlar olur. Qırmızı rəng ehtirasın və həm də şəhvətin simvoludur. Qırmızı rəngə nifrət və ondan qaçmaq daxili zəifliyi, fiziki və psixoloji yorğunluğu əks etdirir. Qırmızı rəngə daha çox yeniyetmələr üstünlük verir.

Qəhvəyi rəngi möhkəm və inamlı insanlar seçirlər. Bu rəngi sevənlər adət-ənənələri və ailələrini çox sevirlər. Qəhvəyi rəngə üstünlük vermək ilk növbədə sadə instinktiv duyğularla və primitiv sevinc hisslərinə həvəsi əks etdirir. Qəhvəyi rəngə meyl həmçinin müəyyən fiziki yorğunluğa işarə edir. Adətən qara rənglə bərabər qəhvəyi rəng də ən çox sevilməyən rənglərə aiddir.

Sarı sakitliyi, insanlarla münasibətlərdə sərbəstliyi, ziyalılığı əks etdirir. Sarı rəng sevilirsə bu mehribanlığa, hər şeyi bilmək həvəsinə, cəsarətə, asan uyğunlaşma qabiliyyətinə və insanların xoşuna gəlməkdən və onları cəlb etməkdən zövq almağa işarədir. Bu rəng sevilmirsə, deməli söhbət gərgin, bədbin, münasibət yaratmaqdan uzaq olan insanlardan gedir. Sarı rəng yaşıl və qırmızı rəngin qarışığından alınır və o nikbinlik rəngidir. Sarı rəngi əsasən hamiləliklərinin uğurla bitməsini gözləyən qadınlar və yerdəyişməyə meylli olan insanlar sevir.

Göy səma, sakitlik və rahatlıq rəngidir. Göy rəng sevilirsə, bu təvazökarlıq barədə xəbər verir. Bu rəngi sevən insanlar tez-tez istirahət etməlidirlər, onların ətrafdakı insanların inamına, xeyirxahlığına daha böyük ehtiyacı var. Göy rəngə üstünlük vermək insanın sakitliyə olan fizioloji və psixoloji ehtiyacını, bu rəngin sevilməməsi isə insanın rahatlıqdan qaçdığını əks etdirir. Xəstəlik və yorğunluq zamanı göy rəngə olan ehtiyac artır.

Yaşıl təbiət, həyat və yaz rəngidir. Bu rəngi sevən insanlar yad təsirdən qorxurlar. Yaşıl rəngi sevməyənlər məişət problemlərindən, bəxtin dönüklüyündən və ümumiyyətlə xəstəliklərdən çəkinirlər. Yaşıl rəng gizli, potensial enerjini ifadə edir, iradi gərginlik dərəcəsini əks etdirir və bu səbəbdən də yaşıl rəngi sevən insanlar özünə inamlı olmağa çalışırlar.

İnsanın psixoloji durumu haqqında digər rənglər də xəbər verə bilər. Beləliklə, narıncı rəng intuisiyaya malik olan və xəyalpərəst insanların sevimli rəngidir. Bu rəng çoxüzlülük və riyakarlıq rəmzidir.

Çəhrayı rəng həyat və canlılıq rəngidir. Bu rəng sevmək və daha xeyirxah olmağa çağırır. Bu rəngi sevən insanlar hətta ən cüzi səbəbdən həyəcanlana bilər. Həddindən artıq praqmatik olan insanları çəhrayı rəng qıcıqlandırır.

Bənövşəyi rəng insana xas olan inamın, köməyə və dəstəyə ehtiyacın rəmzidir. Bu mənada bənövşəyi rəngin seçimi xeyirxahlıq və mərhəmət rəmzidir.

Hansı rəngi sevməyinizdən asılı olmayaraq həyatınızın rəngi bəyaz olsun…

Enter.news