Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib.
A.Qasımov qeyd edib: “Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.
Paşinyanın növbəti sarsaq açıqlaması Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlıdır. Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə, o, təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil.
Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO Zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görmüşlər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim etmişdir. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir.
Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük”.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...