Qida zəhərlənmələrindən necə qorunaq?

Yay fəsli gəzinti və istirahət üçün nə qədər arzuolunan və əlverişli olsa da, özü ilə çoxlu qayğılar da gətirir. Bu mövsümdə ən çox narahatlıq doğuran və daha çox geniş yayılıan qida toksikoinfeksiyaları, sadə dildə desək, zəhərlənmələrdir.
Yay mövsümündə qida zəhərlənmələrinin sayının artma səbəbləri
Bu, ilk növbədə iqlim şəraiti və havaların istiləşməsi ilə əlaqədardır. Havanın hərarəti çox olanda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artdığına görə yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Eyni zamanda yayda bəzi mövsüm xarakterli yeməklər, o cümlədən meyvə və tərəvəzlərlə qidalanma da həmin halların sayını artırır.

Zəhərlənməyə Səbəb Olan Hallar

Əsas səbəblər qida məhsullarının düzgün saxlanılmaması, istehsal müddəti ötmüş malların qəbuludur. Dondurma, müəyyən ət məhsulları, məsələn, dönər, şirniyyat məhsulları və s. kimi qidaların yay fəslində saxlanılma müddəti çox az olur. Həmin məhsulların 2-3 saat düzgün şəraitdə saxlanılmaması qida zəhərlənməsinə səbəb ola bilər. Eyni zamanda qarpızdan zəhərlənmə halları yay aylarında çox aktuallıq kəsb edir. Halbuki həmin halların çox böyük əksəriyyəti qarpızdan və ya onun tərkibindəki nitratlardan başqa kimyəvi maddələrdən zəhərlənmə deyil, sadəcə bir qida zəhərlənməsidir. Qarpız ağacda yox, torpaqda bitən qida məhsuludur və çox vaxt onun satışı açıq yerlərdə aparılır, yeyiləndə də onun yuyulmadan kəsilməsi tərkibində olan şirin möhtəviyyata mikrobları salır. Yeyiləndən bir neçə saat sonra həmin mikrob və patogenlər orada inkişaf edərək zəhərlənmə əlamətləri başlayır: ürəkbulanma, qusma, hərarətin yüksəlməsi, ümumi zəiflik, halsızlıq və s. olur. Təəssüf ki, belə hallarda qarpızdan zəhərlənməni düşünürlər. Lakin bu, qida toksikoinfeksiyası nəticəsində baş verən zəhərlənmələrdir.

Əlamətləri
Bir çox hallarda qida zəhərlənmələrinin inkubasiya dövrü 30 dəqiqədən 1 sutkaya qədər, adətən bir neçə saat olur. Bunan sonra zəhərlənmə əlamətləri üzə çıxır: ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, ishal və bədən hərarətinin yüksəlməsi, baş ağrısı, ümumi əzginlik, qarında sancışəkilli ağrı ola bilər.

Zəhərlənmə müşahidə olunanda hansı ilkin yardım tədbirləri görmək lazımdır?
Birinci növbədə mədə-bağırsağı yumaq, o cümlədən çoxlu su içmək, bağırsaqlara təmizləyici imalə etmək, mümkün olmayanda isə hər 10 kq çəkiyə 1 tablet olmaqla aktivləşdirilmiş kömür qəbul etmək lazımdır. Onu qəbul etməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alınır. Lakin zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil, çünki çox xoşagəlməz ağırlaşmalar baş verə bilər. Xəstədə arterial təzyiqin düşməsi infeksion-toksiki şoka səbəb olar və xəstə həyatını itirə bilər.

Qida zəhərlənmələrinin növləri
Ən ağır növ və ən çox ölüm halının baş verdiyi qida zəhərlənməsi Botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərin, kolbasa məhsullarının yeyilməsi nəticəsində baş verir. Anaerob, yəni oksigensiz mühitdə qidaya düşən Clostridium botulinum adlı törədici insan üçün çox zəhərli olan botulotoksin əmələ gətirir. Botulotoksinli konservin yeyilməsi ağır zəhərlənməyə səbəb olur. Qalan qida zəhərlənmələri adətən stafilokok, protey, klebsiella və s. kimi mikrobların törətdiyi xəstəliklərdir və onlar da yüngül, orta ağır və ağır formada keçə bilər.