Doğuşdan sonrakı depressiya çox yayılmış və digər depressiya növləri kimi xüsusi müalicə tələb edən pozulmadır.
Lakin təəssüf ki, bir çox hallarda depressiyadan əziyyət çəkən qadınlar həkimə vaxtında müraciət etmir və bu da ağır fəsadlara, hətta intiharlara səbəb olur.
Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: “İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi – beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır”.
Psixoloq Ellada Qorina şərh edir: “Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır.
Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər.
Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir”.
“Yeni ana olan qadına dəstək vacibdir”
Psixoloq Ellada Qorina davam edir: “Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür.
Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları – qaynana, baldız, elti – yeni doğmuş qadına əl tuta bilərlər.
Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü – ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq.
Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil.
Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın.
Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq”.(Milli.Az)