Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq, Astara rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Müasir üslubda tikilmiş binalar, salınan asfalt yollar, yeni inşa edilən park və xiyabanlar göz oxşayır. Rayon mərkəzində, Xəzər dənizinin sahilində yeni salınmış park-bulvar kompleksinin gözəlliyi isə təkcə astaralıları deyil, buraya gələn qonaqları da heyran edir.
Astarainfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaraya səfəri zamanı dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşündə rayonda aparılan abadlıq işlərindən razılığını ifadə edərək bu tədbirlərin insanların rahatlığı üçün gözəl təşəbbüs olduğunu bildirib, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksini əhalinin istirahəti gözəl hədiyyə kimi qiymətləndirib.
Azərbaycan Prezidentinin Astara haqqında dediyi xoş sözləri yüksək qiymətləndirən rayon sakinləri şəhərin park və xiyabanlarında təmizliyin və səliqə-sahmanın qorunmasına diqqəti artırıblar. Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəhər icra nümayəndəliyi, şəhər bələdiyyəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Astara Rayon Bölməsinin yaxından köməkliyi ilə Astara məktəbliləri, Astara mədəniyyət işçiləri, Astara Pedaqoji Kollecin tələbələrinin və yerli sakinlərin iştirakı ilə sentyabrın 13-də “Şəhərimizi təmiz saxlayaq!” devizi altında humanitar aksiyaya start veriləcək.
Aksiyanın il ərzində keçirilməsi nəzərdə tutulub.
Asim Yusifov
Astarainfo.az