Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bölgələrdə ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə  hazırki dövrdə daha çox diqqət yetirilməlidir. Xüsusən qeyri-neft sektorunun inkişafına nail olmaq üçün prioritet  vəzifələrdən biri də  ənənəvi əkinçiliyə daha geniş yer  verilməsidir.
 Rayonumuz qədimdən çəltikçiliyin  vətəni sayılır. Çəltik yer kürəsində əkin sahlərinə görə bütün bitkilər arasında ikinci, dənli bitkilər arasında məhsuldarlığına görə birinci yeri tutur. İnsanların qidalanması üçün düyü ən qiymətli ərzaq məhsuludur. Dünyada yaşayan əhalinin beşdə iki hissəsi düyü ilə qidalanır. Çəltikçilik Azərbaycan kəndlisinin də qədim və mühüm məşğuliyyət növlərindən biri olduğundan əvvəllər Azərbaycanda çəltiyin 50-dən çox sortu əkilirdi.
Azərbaycanda 1960-1962-ci illərdə çəltik əkini ümumi dənli bitkilər əkininin 24,4 faizini təşkil edirdi. Həmin dövrlərdə  5779 hektar dənli bitkilərin 1412 hektarını çəltik bitkisi təşkil etmişdir. Əkilən çəltiyin əsas hissəsi Lənkəran iqtisadi rayonuna daxil olan rayonların o, cümlədən rayonumuzun da payına düşmüşdür.
Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini qazandıqdan sonra respublikanın hər yerində olduğu kimi, rayonumuzun da  iqtisadi həyatında  yeniliklər yarandı və gəlirli sahə kimi çəltik əkininə üstünlük verildi.
1992-ci ildən başlayaraq kənd təsərrüfatı sahələrində struktur dəyişikliklər aparılaraq torpağın icarəyə verilməsi, 1996-cı ildən  torpaqların xüsusi mülkiyyətə verilməsi nəticəsində taxıl əkininə, xüsusən  çəltik əkininə diqqət artırmağa başladı və 2000-ci ildə rayonda ən pik  həddə 2001 hektar sahədə çəltik əkini keçirildi.
Lakin sonrakı illər  müxtəlif obyektiv və subyektiv səbəblərdən çəltikçiliyə maraq azalmağa başladı. Nəticədə illərlə formalaşdırılmış infrastruktur  dağılmağa başladı və 2011-ci ildə çəltik əkilən sahə artıq  120 hektar səviyyəsinə düşdü və 2015-ci ildə 65 hektar səviyyəsinə endi.
 Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrasda  Prezident İlham Əliyev ənənəvi sahələrin inkişaf etdirilməsi  barədə tapşırıqlar verəndən sonra rayonda ənənəvi sahə olmuş  çəltikçiliyin inkişafı ilə bağlı müəyyən işlər görülməyə başladı.
Rayon İcra Hakimiyyətinin  başçısı  Qəzənfər Ağayevin  rayonda  fəaliyyət  göstərən  sahibkarlarla  son   illərdə   keçirdiyi   işgüzar   görüşlərdə    çəltikçiliyin inkişaf etdirilməsi üçün  fermer və sahibkarlara müraciət etməsi və bununla bağlı onlara hər cür dəstək veriləcəyini bildirməsi öz  nəticəsini verdi.
İlk növbədə rayona əkin üçün əlverişli olan məhsullar yüksək reproduksiyalı  çəltik  toxum sortlarının- “Həsəni” ,  “Haşimi”  və “Sədri” kimi    çəltik növlərinin  gətirilməsinə üstünlük verildi.
 Nəticədə 2016-cı ildə çəltik əkini 132 hektara, 2017-ci ildə 448 hektara və  bu il  450 hektara çatdırıldı.
 Əkin  keçən  illə  müqayisədə   2    hektar  çoxdur. Əkinin  12  hektarı  Astara şəhəri,   6,5 hektarı  Kijəbə qəsəbəsi,  104 hektarı Ərçivan qəsəbəsi,  55  hektarı Suparibağ,  123  hektarı  Səncərədi, 0,5  hektarı Şüvi,  4  hektarı Təngərüd,  42  hektarı Pensər, 4  hektarı Şiyəkəran,      65,5 hektarı Kakalos kənd ərazi  icra nümayəndəliklərinin ərazilərində fərdi sahibkar, ailə-kəndli və  ev təsərrüfatları, 33  hektarı  kənd  təsərrüfat müəssisələri  tərəfindən aparılmışdır.
Artıq rayonda cəltik yığımı başa çatmış,  sahələrdən 1659,1 ton   məhsul yığılmışdır. Məhsuldarlıq  hər hektara  36,9 sentner  olmuşdur. Bu il  havaların quraqlıq  keçməsi  çəltiyin  məhsuldarlığını  aşağı  salmış  və keçən illə müqayisədə məhsul istehsalı   aşağı  düşmüşdür.
Aparılan araşdırmalar göstərir ki, Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş prespektivlər var. Belə ki, ərazidən Astara çayı  və Pensər çayının keçməsi,  Lovayın  su anbarının  yenidən qurulması bunun üçün əlverişli şərait yaradır.
Eyni zamanda ərazidə fəaliyyət göstərən çəltik dəyirmanlarının olması da maraqları bir növ stimullaşdırır.
Çəltikçilik  çox gəlirli sahədir. Ağır zəhmət tələb edən düyü maya dəyərindən 5-6 dəfə  bahasına  satılır. Hazırda bazarlarda yerli düyünün qiyməti 4-5 manat  arasındadır.
Artıq bir neçə ildir bölgəmizin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Astara düyüsünün   ilbəil daha da  artırılması üçün geniş izahat və  maarifləndirmə işlərinin aparılması, rayon rəhbərliyi tərəfindən  çəltik  istehsalı ilə məşğul olan  təsərrüfat sahiblərinin problemlərinin yerindəcə həll edilməsinə əsaslanaraq deyə bilərik ki, rayonda gələcəkdə bu gəlirli bitkinin əkin sahəsi  1000 hektara çatdırılacaqdır.
V.Həsənov
 Rayon Statistika İdarəsinin rəisi