Yanğın baş verdikdə, ilk növbədə yanğınsöndürmə dəstəsinə zəng vuraraq yanğınsöndürənləri hadisə yerinə çağırmaq və yanğını mümkün qədər öz qüvvənizlə söndürməyə çalışmaq lazımdır. Yanan elektrik cihazıdırsa, ilk öncə onu cərəyandan, sonra mənzili təcili olaraq xətdən ayırın və alışan elektrik cihazını (ütünü və ya televizoru) söndürməyə çalışın. Yadda saxlayın ki, yanan televizor və digər cihazlar ətrafa toksik maddələr və tüstü yaydığından, bu, həyatınız üçün həddən artıq təhlükəlidir.
Alışan televizoru söndürmək üçün onu qalın bir parça ilə örtün və ya onun arxa panelində yerləşən dəliklərdən televizorun içərisinə su tökərək söndürün. Bu zaman televizorun önündə durmayın, axı kineskop partlaya bilər. Yanğın baş verdikdə qapı və pəncərələri bağlayın ki, içəriyə daxil olan təmiz hava axını yanğını şiddətləndirməsin. Alovla mübarizə mümkünsüzdürsə, bağlı qapının yanlarını nəm parça ilə tıxın ki, tüstü içəriyə daxil olaraq sizi boğmasın. Yanan və güclü tüstülənmiş mənzildə əyilərək və ya sürünərək hərəkət edin, çünki döşəməyə yaxın ərazi yuxarıya qalxmağa meyilli tüstüdən qismən azaddır.
Mənzillərdə yanğın adətən mətbəxdə baş verdiyindən, burada olarkən həddən artıq diqqətli olun! Yadda saxlayın ki, mətbəxdə və balkonda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Hətta yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə sizin balkona gətirilə və orada saxlanılan maddə və mayeləri alışdıra bilər. Mətbəxdə isə küləkdən yellənən pərdələr yanan qaz plitəsinə yaxınlaşdıqda alışa bilər və beləliklə də böyük yanğına səbəb olar. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmayın. Bu xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Bir çox yanğınlar mətbəxdə isti qazan və tavalardan, onların içərisindəki qaynar yağdan çıxır.
Yağ alışmışsa, dərhal qazı və ya elektrik enerjisini kəsin, qazanı (tavanı) qapaqla və ya yaş parça ilə örtün və yağın, eləcə də qazanın (tavanın) soyumasını gözləyin, əks halda yağ yenidən yanmağa başlaya bilər. Qaynar yağ, piy alışaraq divar və ya döşəməyə düşmüşdürsə, onları söndürmək üçün yuyucu tozdan və ya tozlu odsöndürəndən istifadə edin. Spirallı elektrik plitəsi həddən artıq qızdıqda, onu cərəyandan ayırın və spiralı nəm parça ilə örtərək soyumasını gözləyin. Balkonlarda hər hansı əşya saxlamaq istəyirsinizsə, onları dəmir yeşiklərə və ya metaldan düzəldilmiş şkaflara yığın. Balkonda hər ehtimala qarşı bir vedrə su və ya qum saxlayın. Yadda saxlayın ki, alovu yaş parça, qum və hətta gül dibçəklərindəki qumla söndürmək su ilə söndürməkdən daha əlverişlidir. Odla mübarizədə qüvvəniz yetərincə olmadıqda, qiymətli əşyaları, sənədləri və pullarınızı götürərək dərhal həyətə qaçın. Yadda saxlayın ki, yanan mənzildə ən təhlükəsiz yerlər balkon və pəncərə yanlarıdır. Yanğınsöndürənlər burada sizi tez tapar və xilas edər. Küçəyə çıxdıqda isti geyinməyi də unutmayın.
Qapı və pəncərələri ehtiyatla açın, yelçəkərə alovu şiddətləndirməyə imkan verməyin. Yanğın çıxdıqda balkon vasitəsilə qonşu mənzilə də keçmək və ya biri-birinə bağlanmış mələfələr vasitəsilə aşağı düşmək olar. Lakin bu zaman ehtiyatı əldən verməyin, xüsusilə də yuxarı mərtəbələrdən aşağı tullanmayın. Bu çox təhlükəlidir. Yanğın baş verdikdə qonşularınızı da xəbərdar etməyi unutmayın və qəti olaraq liftdən istifadə etməyin. Ümümiyyətlə, yaşadığınız binanın giriş-çıxışlarını, su hidrantlarının yerləşdirilməsini, təxliyə yollarını əvvəlcədən öyrənin və yadınızda saxlayın, çünki yanğın baş verdikdə buna vaxt qalmayacaq, bu isə sizin həyatınız bahasına başa gələ bilər.
Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...