Aparılan məqsədyönlü tədbirlər nəticəsində Astara rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Bu barədə Astara rayonunda keçirilən “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirində məlumat verilib.

Rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, məktəb direktorlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Astara Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektoru, polis baş leytenantı Amal Rzayevin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Məruzə ətrafında müzakirələrdə rayon polis şöbəsinin rəis müavini Ramin Hüseynov, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, təhsil şöbəsinin müdiri Rəşad Həsənov, rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev, Seləkəran, Qapıçıməhəllə və Rüdəkənar kənd tam orta məktəblərin direktorları Səfərəli Teymurzadə, Elnur Quliyev və Rəvanə Baxşıyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Hər birimiz çalışmalıyıq ki, gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyil edən yeniyetmə və gənclər də var. Məktəblərin kollektivlərində bu mövzuda izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.(AZƏRTAC-Bağır Əliyev)