Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.
Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.
Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.
Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edildi.
Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verildi.
Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirildi. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa etdilər. Onları Əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət etdilər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.
Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.
Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasının pilotu Sebastian Fettel dayandılar.
Qeyd edək ki, builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.
Konstruktorların yarışında isə “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.
Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.
Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.