Əslində cinsiyyət və mənsubiyyətindən asılı olmayaraq, zorakılıq, onun hər bir forması yolverilməz və bütün sivil qanunlara ziddir. Amma təəssüflər olsun ki, bu gün cəmiyyətin istənilən sferasında, maddi və mənəvi təminatından asılı olmayaraq istənilən zümrələr arasında bu hala, zorakılığın hər hansı formasına rast gəlinir.

Bu sözlər mayın 13-də rayon icra hakimiyyəti, pedaqoji kollec və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda keçirilən tədbirdə qeyd olunub.

Kollecin müəllim və tələbələrindən ibarət kollektivin iştirakı ilə keçən tədbiri giriş sözü ilə kollecin direktoru açaraq, belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib. O, Azərbaycanda qadınların hüquqlarının qorunması, zorakılığa qarşı mübarizə istiqamətində mühüm işlərin görüldüyünü, qadın və qızlarımızın cəmiyyətdə daha fəal olmaları üçün yaxşı şərait yaradıldığını söyləyib.

İcra hakimiyyətinin məsul işçiləri Firəngiz Sadıxova, Vüsalə Quliyeva, “Astara” qəzetinin baş redaktoru  Fəridə Ağazadə,  şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova  mövzu ilə bağlı çıxış ediblər. Onlar qadınların hüquqlarının qorunmasının müasir dövrümüzdə mühüm önəm kəsb etdiyini vurğulayıblar.

Bildirilib ki, qadınlara və qızlara qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır. Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiyalar gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək.

Sonda tələbələrin sualları cavablandırılıb.

Nicat Raufoğlu

Astarainfo.az