Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində seperatçı rejim tərəfindən qondarma seçki keçirilib.
Astarainfo.az
 xəbər verir ki, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdə seperatçılar tərəfindən keçirilən  parlament və prezident “seçkilərinin” ilkin nəticələri açıqlanıb.
Ermənistan mətbuatında yer alan məlumatlardan belə görünür ki, seperatçılar Araik Harutyunyanı digər namizədlərdən daha çox səs veriblər. Məlumata görə, Araik Harutyunyan “seçicilərin” 49,26% “səsini” toplayıb. Əgər nəticə dəyişməsə seçkilərin 2-cu turu keçiriləcək. İkinci sırada olan Masis Mailyan 26,4% “səs” toplayıb və ehtimal olunur ki, 2-ci turda da Araik Harutyunyan “qalib gələcək”.
Məlumat üçün bildirək ki, Araik Harutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə seperatçı rejimin “İqtidsadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi seperatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi seperatçı rejimin “baş naziri” olub.
Onu da qeyd edək ki, Araik Harutyunyandan əvvək seperatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə seperatçıların rəhbəri, hazırda İrəvanda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan olub. Koçaryandan sonra seperatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə seperatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.